Mingəçevir şəhərində 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Mingəçevir şəhər komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhərin məktəblərindən qadın müəllimlər iştirak ediblər.
Şəhər komitəsinin sədri Həqiqət Şahmuradova çıxışında Azərbaycan həmkarlar ittifaqlarının həyatında qadınların fəaliyyətindən söz açıb. Bildirib ki, həmkarlar təşkilatlarının yaranmasında, formalaşmasında, inkişafında, əmək adamlarının hüquqlarının qorunmasında onların xidmətləri danılmazdır: “Bu gün ölkəmizin müxtəlif sahə həmkarlar ittifaqlarında qadınlar şərəflə təmsil olunur. Onlar üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirərək işçilərin hüquqlarının müdafiəçisi kimi böyük fədakarlıqlar göstərirlər”.
Mingəçevir şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev rayon məktəblərində çalışan qadın müəllimlərin rolundan, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində onların peşəkar xidmətindən, elmi biliklərə yiyələnməsində tükənməz potensialında bəhs edib.
Sonda iştirakçılara müxtəlif hədiyyələr və fəxri fərmanlar təqdim olunub.