Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

AHİK-in 30 illik yubiley tədbiri keçirilib

AHİK-in 30 illik yubiley tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.1-1.jpg 229.87 KB2-2.jpg 175.79 KB3-1.jpg 235.11 KB4-1.jpg 209.51 KB5-1.jpg 167.24 KB6.jpg 168.56 KB7.jpg 150.47 KB8.jpg 178.64 KB9.jpg 238.98 KB10.jpg 76.06 KB

08.02.2023

Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev AHİK-in 30 illiyinə həsr edilmiş tədbirin iştirakçılarına məktub ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarınaHörmətli yığıncaq iştirakçıları!Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm. 1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır. Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir. Eyni zamanda ölkə iqtisadiyyatının surətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.Hörmətli yığıncaq iştirakçıları!İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər. Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.İlham Əliyev,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, fevral 2023-cü il

07.02.2023

ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib

Fevralın 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib edib və həyata keçirir. Bugünkü tədbirimiz də ATİAHİ Respublika Komitəsi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı təşkil edilən silsilə tədbirlərdən biridir. Konfrans Ulu Öndərin gənclər siyasətinə həsr olunmuşdur. Sonra C.Alxasov Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən biri də onun gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində gördüyü işlərdir. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Heydər Əliyev gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində də mühüm addımlar atmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirilmişdir. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdır. 1996-ci il fevralın 2-də gənclərin I Forumu keçirildi. Forumda ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün münbit şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırılıb. Bu dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Eyni zamanda onlarda vətənpərvərlik ruhunu formalaşdırıb. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. Gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə dəstək vermək ATİAHİ Respublika Komitəsinin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 403484 nəfər ittifaq üzvünü özündə birləşdirir. Onların 187825 nəfərini gənclər təşkil edir. İttifaqımızın tərkibində olan ali məktəblər, kollec, peşə məktəbi və liseylərdə 168105 tələbə təhsil alır, onlardan da 104737 nəfəri ittifaqın üzvüdür. Hər il gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Tələbə gənclərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ATİAHİ Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün pulsuz nahar yeməyi verilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtının səmərəli keçirilməsini, pis vərdişlərdən uzaq olmalarını təmin etmək, sizdə elmə, təhsilə maraq yaratmaqdır. Sonra çıxış edən AMEA Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq. Ümummilli Lider vəzifədə olduğu illərdə dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, hər bir işin öhdəsindən layiqincə gəlib. Konfrans digər çıxışlarla davam edib.Konfrans digər çıxışlar ilə davam edib.E21A7267.JPG 3.77 MBE21A7268.JPG 3.51 MBE21A7276.JPG 3.84 MBE21A7279.JPG 3.24 MBE21A7283.JPG 3.01 MBE21A7304.JPG 4.04 MBE21A7309.JPG 3 MBE21A7311.JPG 2.88 MB

01.02.2023

AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib

AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş keçirilib

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.Ardınca S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən, vətəndaş cəmiyyətinin formalaşmasında xidmətlərindən, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən bəhs edib.Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib.Vurğulayıb ki, ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yardılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə Sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb.Qeyd edib ki, yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.Çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıb, ötən günlər xatırlanıb.Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.1-4.jpg 162.96 KB2-4.jpg 151.69 KB3-3.jpg 159.47 KB4-1.jpg 155.59 KB5-1.jpg 169.56 KB6.jpg 129.23 KB

30.01.2023

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo